
Bismillahir Rahmanir Rahim
Selamun Aleykum
Peyğəmbər(s.a.s.) buyurmuşdur: "Mən elmin
şəhəri Əli isə
onun qapısıdır".
Elmli olmaq yaxşı şeydir. Adamın adam olması üçün hər şeydən əvvəl onun elmli olması gərəkdir. –ünki nicat yolu elmdə olduğu kimi, bütün gizli xəzinələrin açarı da elmdədir. Lakin elmli olmaq heç də o demək deyil ki, "əlif"lə "be"ni biləsən və bununla da hər şeyi bitmiş hesab edəsən. Mümkündür ki, hansısa bir insan - ömrünü qoyun-quzunun yanında keçirən çoban nə "əlif"i bilsin, nə də "be"ni, lakin ədəb və mərifət elminin əsil xiridarı kimi çoxlarını heyrətdə qoymuş olsun. Belə hallarla hər zaman və hər yerdə rastlaşmaq mümkündür. Həmçinin o da mümkündür ki, özünü alim və ya başqa möhtəşəm titulların sahibi adlandıran başqa birisi isə cahilliyi, yəni yarımçıq elmi ilə (əslində elmsizliyi ilə) özünü gözdən salsın, yəni nifrət mənbəyinə çevrilsin. Belələri bəzən SÖZdən söz düşəndə müəyyən məqamlarda özlərini daha çox sözşünas kimi qələmə verməyi də "ustalıqla" bacarırlar. Az sonra isə hər şey aşkarda olur...
Amma dünyanın qəribə nizamına və çərxi-fələyin gərdişinə bax ki, bu sayaq insanlar xaki-məzəllətdə ola-ola özlərini ali-mənsəbdə görürlər. Bəlkə də bəşərin faciəsidir ki, daha çox məqam başında məhz belə yarımçıqlar olurlar. Bunu Allahın insanlara qəzəbi kimi də başa düşmək olar...
İslama görə, elm öyrənmək istəyən şəxs xüsusi bir adamla bağlı olmamalı, əksinə, kimdən mümkündürsə bilik almağa cəhd göstərməlidir. Burada bilik öyrədən şəxsin hətta müsəlman və ya qeyri-müsəlman olması heç bir mahiyyət kəsb etmir. İslam peyğəmbəri (s) buyurur: "Elm möminin itirdiyi qazancdır, hətta ikiüzlü adamlarda olsa belə onu əldə etməyə çalışmalıdır".
Diqqət edirsinizmi, necə də gözəl və ibrətamiz kəlamlardır.
Bu, bir daha onu isbatlayır ki, insan həyatı boyu bütün mümkün vasitələrlə elm öyrənməyə çalışmalıdır. Əbəs yerə deyildir ki, aləmlərin fəxri olan Həzrəti Məhəmməd (s) "beşikdən qəbir evinə qədər öyrənin",- deyə buyurmuşdur. İslam rəhbərinin bu buyruğuna isə hər bir müsəlman əməl etməyə borcludur.
Baxış sayı:53
İyun 13, 2008 12:32 tarixində, yamehdi tərəfindən,
Kitablar, Diger bölməsində yazılib.
Şərhlər(0)

